
Hər iki sürücü günahkardırsa sığorta pulu necə hesablanır?
Avtomobilllərin icbari sığortası ilə bağlı maraqlı məsələlərdən qəzaya səbəb olan hər iki avtomobilə sığorta ödənişinin necə hesablanmasıdır. Sığorta eksperti İlkin İbrahimov Fins.az-a bildirib ki, qəza nəticəsində hər iki avtomobildə təqsir olarsa(yəni hər iki sürücüyə protokol tərtib olunarsa) bu zaman dəymiş ziyan əmlak üzrə hesablanaraq 50 %-i ödənir. Bu təcrübə ilə bağlı qanunvericilkdə heç bir maddə nəzərdə tutulmayıb. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının sələfi olan Dövlət Sığorta Nəzarəti Xidmətinin göstərişlərinə əsasən sığorta şirkətləri bu halı tətbiq edir: “Əyani bir misalla bunu başa salmağa çalışacağam. Fərman X sığorta şirkətində Vaz avtomobilini İcbari sığortalayıb. Aqil isə Y sığorta şirkətində Mercedes avtomobilini icbari sığortalayıb. Avtomobillər toqquşur və polis hər iki şəxsə protokol tərtib edir. Fərman X sığorta şirkətindən forma4 gətirir, həmçinin Aqil də Y sığorta şirkətindən forma4 gətirir. Polis hər iki forma4 də günahkar kimi müvafiq olaraq xanalara yazır. Sənədlərin içərisində isə 2 protokol olduğundan sığorta şirkəti nümayəndələri sənədlərə baxıb müəyyən edirlər ki hər iki tərəf günahkardır. Vaz avtomobilinə dəyən ziyan 1000 AZN-dir o müvafiq olaraq “Mercedes”in sığortalandığı Y sığorta şirkətindən 500 AZN sığorta ödənişi alır. Digər tərəfdən “Mercedes”in ziyanı isə 2000 AZN dir, o “Vaz”ın sığortası olan X sığorta şirkətindən müvafiq olaraq 1000 AZN sığorta ödənişi almalıdır”.
İ.İbrahimov bildirib ki, xəsarət halında isə müvafiq olaraq tam məbləğdə qanunvericilikdə nəzərdə tutulan miqdarda sığorta ödənişi edilir.
